Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbin 
nəzdində Uşaq Esrtrada Sənəti sinfi

Məqsədlərimiz:
Uşaq estrada yaradıcılığının və ümumiyyətlə estrada incəsənətinin inkişaf etməsi;
Gənc istedadların aşkar olunması və irəliləməsi; repertuarın hazırlanması; məktəb adından onların respublika və beynəlxalq miqyasında müsabiqələrdə təqdim olunması;
UESS-in nəzdində uşaq estrada ansamblının yaranması və cürbəcür estrada səhnələrində çıxışların təşkilatı;
Uşaq tədbirlərin və konsertlərin təşkil olunması.

Təlim prosesində aşağıdakı fənlər uzrə dərslər keçirilir:
1. Estrada vokalı;
2. Elementar solfecio dərsləri;
3. Peşəkar müəllimləri cəlb etməklə, müxtəlif estrada musiqi alətlərində ifa eləməyə öyrədilməsi;
4. Səhnə mədəniyyəti dərsləri;
5. Estrada rəqsləri dərsləri;
6. Peşəkar musiqiçilər və vokalçılarin tərəfindən master-klasslar;
7. Ansambl dərsləri.

Direktor

Fidan Mir-Qədirova

Mir-Qədirova Fidan Aydın qızı Bakı Dövlət Universitetin məzunudur. Universiteti bitirdikdən sonra Garant Holding və Azercell kimi böyük şirkətlərdə çalışmışdır. İllər sonra yaradıcılıqla məşğul olmaq məqsədi ilə “1000Years records” səsyazma studiyası ilə art-direktor vəzifəsində əməkdaşlığa başlamışdır.  «We Are Talents» layihəsinin müəllifi və rejissorudur.

 

Bədii rəhbər

Emil Minyaşev

Minyaşev Emil İsgəndər oğlu Cabbar Qaryağdı adına 9 saylı Uşaq Musiqi Məktəbini akkordeon ixtisası üzrə bitirmişdir.

1994-cü ildən müxtəlif estrada kollektivlərin və musiqili layihələrin iştirakçısı olmuşdur.

1998 – 2003-cü illərdə “Tuqan Tel” tatar folklor ansamblının iştirakçısı və bədii rəhbəridir.

1998-ci ildə Bakı-Raks şirkətinin səsyazma studiyasında səs rejissoru və aranjimançı kimi fəaliyyətə başlamışdır. Daha sonra “Kəpəz records”, “SM records”, “İlkin production” və s. studiyalarda çalışmışdır. Azərbaycan estrada ulduzları ilə — Brilyant Dadaşova, Aygün Kazımova, Mirzə Babayev, Tünzalə Ağayeva, Ədalət Şükürov və s. əməkdaşlıq etmişdir. Eldar Mansurov, Mobil Babayev, Vaqif Gərayzadə, Nailə Mirməmmədli və digər bəstəkarların musiqili layihələrində səs rejissoru kimi çalişmışdır.

2007-ci ildən vokalçı-bəstəkar Rizvan Sədirxanovla səs rejissoru və aranjimançı kimi əməkdaşlığa başlamışdır. İndiyə qədər 4 audio albom və Azərbaycanın ilk rok-operası “Səyyah Sindibad” lentə alınıb. Həmçinin rok-operada Qoruyucu Mələk rolunun ifaçısıdır.

DarkLine rok hərəkatının DL Naviqator rok-musiqi haqqında video-jurnalın müəllifi və aparıcısıdır. “1000Years records” səsyazma studiyasının təsisçisi və musiqili prodüsseridir.

Müəllimlər

Humay Süleymanova (vokal)

Süleymanova Humay Tahir qızı 10 oktyabr 1987-ci il tarixində Bakı şəhərində anadan olub.

1995-ci ildə Ə. Bədəlbəyli adına 23 saylı Onbirillik Musiqi Məktəbinin fortepiano sinfinə qəbul olunub.

2002-ci ildə təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində klassik vokal ixtisası üzrə davam etdirir.

2005-ci ildə Bakı Musiqi Akademiyasının vokal fakültəsinə Xalq artisti Fidan Qasımovanın sinfinə qəbul olunur.

Hələ məktəb yaşlarından bir çox respublika müsabiqələrində iştirak edən H. Süleymanova dəfələrlə fəxri fərmanlarla təltif olunmuş, müsabiqə diplomantı və laureatı adlarına layiq görülmüşdür. O, həmçinin “Bakı payızı” mahnı müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.

2006-cı ildən H. Süleymanova AzTV-nin solistidir.

2008-ci ildən “Qaya” vokal-instrumental ansamblında işləyir.

2014-cü ildən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimidir. Onun şagirdləri daim respublika və beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edərək diplomant və laureat adlarını qazanırlar.

Eldar Qafarov (zərb alətləri)

Qafarov Eldar Əli-Abbas oğlu Ü. Hacıbəyov adına aAzərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyasının) məzunudur. O, zərb alətləri ixtisası üzrə professor Həsən Rzayevin sinfində təhsil alıb.

1983-cü ildə Yuli Qusmanın teatrında, 1984 – 1989-cu illərdə Rəşid Behbudov adına Mahnı və Rəqs Teatrında, 1990 – 2000 illərdə isə Xalq artisti Zeynəb Xanlarovanın kollektivində fəaliyyət göstərib.

Müxtəlif illərdə Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücaəddinov, Brilyant Dadaşova, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Akif Süleymanbəyli, İlqar Muradov, İlqar Xəyal kimi sənətkarlarla əməkdaşlıq edib.

Salman Qəmbərovun “Bakustik Jazz” və “Lətif”  layihələrinin iştirakçısıdır.

Almaniya, Fransa, İsveçrə, Monqolustan, Argentina, Avstriya, Ukraynada keçirilən musiqi festivallarında iştirak edib.

Hazırda AzTV-nin estrada ansamblının üzvü və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimidir.

Araz Hümbətli (gitara)

Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb. Uşaq vaxtlarında “blues” musiqi janrının pərəstişkarı olan Araz Fransada Azərbaycan incəsənətinin təbliğatı ilə məşğul olur. 

Araz Azərbaycan muğamı və Pakistan sufi musiqisi ilə məşğul olur. 

Bəstəkar-müğənni olan bu gənc bir çox musiqi alətlərində ifa etməyi bacarır. 

O, 2013-cü ildə “Mənim şizofreniyam” adlı psixodelik musiqi əsərini yazıb.

Araz 2014-cü ildə isə Camille Chaumereuil-in “Nous saluerons la lune” (“Biz Ayı salamlayırıq”) filminin orijinal musiqisini bəstələyib. Elə həmin ildə Araz Tuluz şəhərində özünün “The Preachers” adlı blues-rok musiqi qrupunu yaradıb və həmin qrupla musiqi fəaliyyətini davam etdirib. 

2015-ci ildə A. Hümbətli Lyon şəhərində sınaq olaraq “Nuances” musiqi qrupunu təşkil edib. Həmin il “Araz d’ArazÔzarA” ləqəbi ilə özünün “Nightmare Through The Pill of Happiness” adlı birinci albomu üzərində işləməyə başlayıb.

2016-cı ildə isə o, özünü “The Voice 5” musiqi yarışmasında sınayıb. “Wicked game” mahnısını tar ilə ifa edən Araz öz səsi və bacarığı ilə auditoriyanı və münsiflər heyətini heyran qoyub.

Zenfira Mir-Qədirova (fortepiano)

Mir-Qədirova Zenfira Məmməd qızı 1959-cu ilin aprel ayında ziyalı ailəsində anadan olub. Anası, Azərbaycanın xalq rəssamı Minəvvər Rzayeva uşaq yaşlarından musiqiyə maraq göstərən qızını Bülbül adına Orta ixtisas musiqi məktəbinə gətirmiş, və burada Z. Mir-Qədirova Əməkdar müəllim Dilarə Mirzəquliyevanın sinfində təhsil almağa başlamışdır. Hələ kiçik yaşlarında ikən Z. Mir-Qədirova  Qara Qarayev kimi dahi bəstəkarın rəğbətini qazanmışdır. Q. Qarayev onun üçün “gələcəyin Motsartı” demişdir.

6-cı sinifdən, o, fortepiano ilə yanaşı bəstəkarlıqla da məşğul olmağa başlayır. Bəstəkarlıq üzrə təhsilini Nazim Əliverdibəyov və Ədilə Hüseynzadənin sinfində alır. Bu illər ərzində Z. Mir-Qədirova uşaq pyesləri, prelyud, violin və fortepiano üçün, simli kvartet üçün pyeslər bəstələmişdir.

Məktəbi iki ixtisas üzrə bitirən Z. Mir-Qədirova daha sonra Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olur.

O, iş fəaliyyətinə erkən yaşlarından başlamışdır. 16 yaşından konsertmeyster işləyən Z. Mir-Qədirova daha sonra Mədəniyyət İşçilərinin Evində “Tumurcuq” uşaq dərnəyinin rəhbəri olmuşdur.

Azərbaycan Dövlət Konservatoriyasının 2-ci kursunda oxuyarkən, o, Q. Qarayev adına 8 saylı musiqi məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi)  çalışmağa başlamışdır. İşlədiyi müddət ərzində bir çox istedadlı musiqiçi yetişdirmişdir.

2015-ci ildən məktəbin həmkarlar ittifaqının sədri və “Ümumi fortepiano” şöbəsinin müdiri vəzifəsində çalışır.

İnara Tağızadə (xoreoqrafiya)

Tağızadə İnara Anar qızı 25 iyul 1999-cu il tarixində Bakıda anadan olub. Uşaq yaşlarından rəqsə maraq göstərən İnara ali təhsilini Bakı Xoreoqrafiya Akademiyasında alıb.

2010 – 2014-cü illərdə “FMA” flashmob Azerbaijan komandasının üzvü olub.

2014-cü ildən bugünədək “JAM SS ROYAL BALLET OF AZERBAİJAN” gənclər assosiasiyasının əsas rəqqaslarından biridir. Bir çox dövlət tədbirlərində iştirak edib, müxtəlif rəqs dərnəklərində Xip-xop, klassik, milli və s. rəqslər üzrə dərs deyib.

2017-ci ildə İ. Tağızadənin rəhbərlik etdiyi rəqs kollektivi Qafqaz çempionatında II yerə layiq görüldü.

Elmira Pənahova (musiqi savadı)

Pənahova Elmira Pənah qızı 16 oktyabr 1979-cu ildə Qazaxıstanda anadan olub. 1989-cu ildən Bakı şəhərində yaşayır. Fortepiano ixtisası üzrə ilk musiqi təhsilini Qazaxıstanın, daha sonra isə Bakının uşaq musiqi məktəblərində alıb.

1994 – 1996-cı illərdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının fortepiano şöbəsində müəllim G. K. Əhmədovanın sinfində oxuyub. Məktəbə oxuduğu illər ərzində müxtəlif respublika müsabiqələri və festivallarda iştirak edərək uğurlu çıxışına görə diplomlarla təltif olunmuşdur.

1996 – 2000-ci illərdə BMA-nın tarix-nəzəriyyə fakültəsində professor S. A. Seyidovanın və fortepiano şöbəsində professor N. H. Rimazinin sinfində təhsil alır. Bakalavr səviyyəsini iki ixtisas üzrə  (musiqişünas və fortepiano) bitirir.

2000 – 2002-ci illərdə BMA-nın müsiqişünaslıq fakültəsinin magistraturasında təhsil alır.

2003-cü ildə E. Pənahova BMA-nın dissertanturasına qəbul olunub. Burada, o, professor S. A. Seyidovanın rəhbərliyi altında “Yaxın Şərq xalqları musiqisinin lad sistemlərinin müqayisəli təhlili” mövzusunda namizədlik dissertasiyasını yazaraq 2007-ci ildə uğurla müdafiə olunur. Nəticədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilir.

Pedaqoji fəaliyyətə 1998-ci ildə Q. Qarayev adına 8 saylı 11 illik musiqi məktəbində (hazırki Mərkəzi İncəsənət Məktəbində) nəzəriyyə şöbəsinin müəllimi kimi başlayır.

2005-ci ildən BMA-nın “Musiqi nəzəriyyəsı” kafedrasında müəllim, 2009-cu ildən baş müəllim, 2014-cü ildən isə dosent vəzifəsində çalışır.

Dəfələrlə elmi-ifaçılıq müsabiqələrində münsif olub, konsertmeysterlik fəaliyyətinə görə bir çox respublika və beynəlxalq müsabiqə və festivalların diplomları və fəxri fərmanları ilə təltif edilib.

Daim yerli və xarici elmi nəşrlərdə məqalələri dərc olunan E. Pənahova həmçinin bir sıra proqram, metodik tövsiyə və dərs vəsaitləri müəllifidir.