Direktor

Əziz Qarayusifli

Qarayusifli Əziz Yaşar oğlu 2 noyabr 1968-ci il tarixində Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin klarnet sinfində alıb (1975 –1987). Daha sonra, o, öz təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (1989 – 1994) davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirir.

1990-cı ildə Ə. Qarayusifli Azərbaycan Dövlət Opera və Balet Teatrında öz iş fəaliyyətinə başlayır. 1996-cı ildən, o, Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti vəzifəsində çalışır. Bununla yanaşı pedaqoji fəaliyyətlə də məşğuldur. 1995 – 2011-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, 1990 – 1992-ci illərdə isə Qara Qarayev adına  8 saylı  Musiqi Məktəbində (hazırkı Mərkəzi İncəsənət Məktəbi) müəllim vəzifəsində çalışmışdır. Eyni zamanda 1999-cu ildən Bakı Musiqi Akademiyasının müəllimi, 2018-ci ildən isə dosent vəzifəsində işləyir.

2011-ci ildən yenidən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllim, 2016-cı ildən isə direktor vəzifəsində çalışır.

Ə. Qarayusiflinin ifaçı və müəllim kimi bir çox nailiyyətləri olub. Belə ki, 1995-ci ildə, o, F. Əmirov adına Respublika müsabiqəsinin qalibi olub. Həmçinin onun bir çox şagird və tələbələri Respublika müsabiqələrində uğurla iştirak edərək laureat olmuşlar. Tələbələrindən Məmməd Rəcəbli Prezident təqaüdünə layiq görülmüş, Səddam Novruzbəyov isə Beynəllxalq müsabiqə laureatıdır (BMA-dan sonra təhsilini Paris Konservatoriyasında davam etdirmişdir). Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində özünün və tələbələrinin Dövlət kamera və simfonik orkestrlərinin müşayiəti ilə çoxsaylı solo konsertləri keçirilmişdir. Bununla yanaşı, o, simfonik orkestrin tərkibində xarici ölkələrdə – Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və. s. dövlət səviyyəsində keçirilən çoxsaylı konsertlərdə iştirak etmişdir.

2012-ci ildə Ə. Qarayusifli Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.