MƏKTƏBƏ QƏBUL QAYDALARI
3.1. Azərbaycan Respublikasının ərazisində yaşayan və müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmamasından asılı olmayaraq hər bir uşaq, yeniyetmə və gəncin Məktəbdə təhsil almaq hüququ vardır.
3.2. Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər qanunvericiliyə uyğun olaraq Məktəbə qəbul olunur və mövcud hüquqlardan istifadə edirlər.
3.3. Məktəbdə təhsil müddəti müvafiq tədris planları üzrə aşağıdakı kimi nəzərdə tutulmuşdur:
a) musiqi alətləri sinfində — 5 il, 7 il
b) xanəndəlik, vokal, estrada sənəti siniflərində — 5 il
c) rəssamlıq sinfində — 4 il,
ç) xoreoqrafiya sinfində — 5 il,
d) xor sinfində — 7 il.
3.4. 4 və 5 illik təhsil üzrə l sinfə uşaq və yeniyetmələrin qəbulu aşağıda göstərilən yaş həddi ilə müəyyən edilir:
— musiqi alətləri sinfinə 9 — 13 yaş;
— xanəndəlik, estrada sənəti, vokal sinfinə 8 – 13 yaş;
— rəssamlıq sinfinə 9 -12 yaş;
— xoreoqrafiya sinfinə 8 — 10 yaş.
7 illik təhsil üzrə l sinfə uşaq və yeniyetmələrin qəbulu aşağıda göstərilən yaş həddi ilə müəyyən edilir:
— musiqi alətləri sinfinə 7 — 9 yaş;
— xor sinfinə 7 — 13 yaş.
Yaş həddi müvafiq tədris ilinin 1 sentyabr tarixinə müəyyən edilir. Yaş həddi bir ay aşağı və ya bir ay yuxarı olan uşaq və yeniyetmələrin sənədləri direktorun razılığı ilə qəbul edilə bilər.
Yuxarıda göstərilən yaş həddindən 1 yaş aşağı və yaxud 1 yaş yuxarı olan xüsusi istedadlı uşaq və yeniyetmələr qəbul imtahanına buraxıla bilər.
3.5. Məktəbə ödənişli təhsil üzrə bütün ixtisaslara 7-29 yaşlı uşaq, yeniyetmə və gənclər qəbul edilə bilər.
3.6. Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərini, mərkəzlərini bitirmiş şagirdlər ixtisasları üzrə Məktəbə ayrılmış ümumi şagird qəbulu planı çərçivəsində ixtisas və nəzəri fənlərdən imtahanların götürülməsi yolu ilə Vlll sinfə qəbul edilə bilər.
3.7. Şagird qəbulu planı buraxılış sinfinin şagirdlərinin sayı nəzərə alınmaqla direktorun ixtisaslar üzrə təqdim etdiyi təklifə əsasən Nazirlik tərəfindən müəyyənləşdirilir və may ayının 1-dək Məktəbə göndərilir. İxtisaslar üzrə müəyyənləşdirilmiş qəbul planına uyğun sənəd toplanmadığı halda Nazirliyin razılığı ilə digər ixtisaslara sentyabr ayının 20-dək şagird qəbul edilə bilər. Məktəbin maddi-texniki bazası və maliyyə imkanları nəzərə alınmaqla Nazirlik tərəfindən Məktəbin şagird qəbulu planı azaldıla və ya artırıla bilər.
Ödənişli təhsilə ixtisaslar üzrə şagird qəbulu planına məhdudiyyət qoyulmadan Məktəb direktoru tərəfindən tənzimlənir. Ödənişli təhsilə müvafiq siniflərin proqramına əsasən musiqi şöbələri üzrə ixtisas, solfecio, musiqi ədəbiyyatları fənlərindən, xoreoqrafiya və rəssamlıq şöbələri üzrə ixtisas fənnindən imtahanların götürülməsi yolu ilə ll və daha yuxarı siniflərə şagird qəbulu keçirilə bilər.
3.8. Nazirlik tərəfindən Məktəbə ayrılmış şagird qəbulu planına əsasən I sinfə, onbirillik təhsil üzrə VIII sinfə qəbul imtahanları hər il iyun və sentyabr aylarının 1-dən 10-dək keçirilir.
İyun ayında qəbul planı yerinə yetirildiyi halda ərizə qəbulu dayandırılır və sentyabr ayında qəbul keçirilmir və ya daha çox uşaqların arasından istedadlı uşaqların seçilməsi məqsədi ilə iyun və sentyabr aylarında qəbul keçirildikdən sonra müsabiqə keçirib qəbulun nəticələri elan oluna bilər.
Məktəbdən şagird axını hesabına qəbul planından əlavə direktorun təqdimatına əsasən Nazirliyin razılığı ilə l sinfə şagird qəbulu imtahanları sentyabr ayının 20-dək keçirilə bilər.
Qəbul imtahan protokollarının bir nüsxəsi sentyabr ayının 20-dən gec olmayaraq Nazirliyə təhvil verilir.
3.9. Ödənişsiz təhsilə şagird qəbulu üçün sənədlər may ayının 1-dən 31-dək və avqust ayının 25-dən 31-dək qəbul olunur. Məsləhət saatları may, sentyabr aylarında direktor tərəfindən təyin olunmuş günlərdə keçirilir.
3.10. Ödənişli təhsilə şagird qəbulu hər il iyun və sentyabr aylarının 1-dən 10-dək,
həmçinin oktyabr ayının 1-dən noyabr ayının 30-dək qəbul imtahanı yolu ilə keçirilir (oktyabr 5 və noyabr aylarında keçirilən qəbul imtahanlarının günləri direktor tərəfindən müəyyənləşdirilir).
3.11.Ödənişli təhsilə şagird qəbulu üçün sənədlər may ayının 1-dən 31-dək və avqust
ayının 25-dən noyabr ayının 25-dək qəbul olunur. Məsləhət saatlarının günləri direktor tərəfindən müəyyən edilir.
3.12. Məktəbə qəbul olmaq üçün direktorun adına yazılan xüsusi formalı ərizədə uşaq, yeniyetmə və gəncin soyadı, adı, atasının adı, təvəllüdü, yaşayış yeri, ümumtəhsil məktəbi (və ya peşə, orta ixtisas, ali təhsil müəssisəsi), orada oxuduğu sinif, kurs və bölmə, valideynlərin iş yeri və əlaqə telefonları, habelə seçilən ixtisas göstərilməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:
a) doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti;
b) sağlamlıq haqqında tibbi arayış;
c) yaşayış yerindən arayış;
ç) 3×4 sm. ölçüdə iki ədəd fotoşəkil.
3.13. Məktəbə qəbul olmaq istəyənlər seçilmiş ixtisasa uyğun olaraq musiqi, (musiqi
duyumu-eşitmə, yaddaş və ritm), xoreoqrafiya (fiziki hazırlıq və musiqi duyumu – eşitmə, yaddaş və ritm) və təsviri incəsənət (rəsm) üzrə qəbul imtahanı verirlər. Təsviri incəsənət imtahanının keçirilməsi üçün 2 saat vaxt ayrılır.
3.14. Məktəbə şagird qəbulu imtahanları direktorun əmri ilə təyin edilmiş komissiya
tərəfindən keçirilir. İmtahan komissiyasına Məktəbin direktoru və ya tədris işləri üzrə direktor müavini sədrlik edir. Komissiya üzvlərinin sayı Məktəb direktoru tərəfindən müəyyənləşdirilir.
Komissiyaya uşaq, yeniyetmə və gənclərin qabiliyyətinə və fiziki hazırlığına uyğun olaraq onun üçün musiqi alətini təyin etmək hüququ verilir.
3.15. İmtahanları müvəffəqiyyətlə verən uşaq, yeniyetmə və gənclər şagird qəbulu üzrə imtahan komissiyasının qərarına əsasən direktorun əmri ilə Məktəbə qəbul edilir. Müvəffəq qiymət alıb, lakin nisbətən az bal toplayan və ödənişsiz təhsilə müsabiqədən keçməyən uşaq və yeniyetmələr valideynlərinin razılığı ilə ödənişli təhsilə qəbul edilə bilər.
3.16. Qəbul imtahanlarının təkrar keçirilməsinə icazə verilmir.
3.17. Məktəbdən şagird axını hesabına ödənişli əsaslarla təhsil alan şagirdlər direktorun əmri ilə öz siniflərinə uyğun ödənişsiz təhsilə keçirilə bilər.
3.18. Məktəbin ümumi şagird kontingentinin sayından asılı olmayaraq, maliyyə imkanı yol verdiyi halda Məktəb rəhbərliyi köçürülmə yolu ilə başqa uşaq musiqi, incəsənət və rəssamlıq məktəbindən gələn şagirdləri müvafiq sinfə qəbul edə bilər. Bu halda şagirdin təhsil aldığı əvvəlki məktəbin arayışı, şagirdin fərdi vərəqəsi və Məktəbə ümumi şagird qəbulu zamanı tələb olunan digər sənədlər təqdim edilir (müvafiq tədris ilində Məktəbə I sinfə qəbul olub və sentyabr ayının 10-dək digər məktəbə köçürülmə yolu ilə qəbul olmaq üçün müraciət edən şagirdlərdən fərdi vərəqə tələb olunmur). Şagirdin köçürülmə yolu ilə qəbul olunacağı məktəbdən əvvəl təhsil aldığı məktəb hər hansı arayış tələb etmir.
Köçürülmə yolu ilə digər məktəbə qəbul olmaq istəyən şagird təhsil aldığı məktəbdən xaric olunduğu gündən bir ay (ödənişli şöbədə bu müddət müstəsna hallarda iki aya qədər artırıla bilər) müddətindən gec olmayaraq təhsil almaq istədiyi məktəbə müraciət etməlidir.
Üzrlü səbəb olmadan müəyyən edilmiş müddətdə hər hansı məktəbə köçürmə yolu ilə qəbul olmaq üçün müraciət olunmadığı halda şagird artıq məktəblərə qəbul edilmir.

 Məktəbə qəbul blankı