Dekabr 24, 2022

24 dekabr 2022-ci il tarixində  Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən  “Soyuq əllər isti rəsmlər” adlı musiqili – rəsm sərgisi keçirilib.

Sərgidə məktəbin rəsm şöbəsinin istedadlı şagirdlərinin əsrarəngiz, bir-birindən maraqlı, rəngarəng əl işləri nümayiş edilib.

Qeyd  edək ki, “Soyuq əllər isti rəsmlər” adlı bu musiqili – rəsm sərgisinin ərsəyə gəlməsində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin rəsm ixtisası üzrə müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şıxəliyevanın böyük təşəbbüsü və zəhməti vardır.

Sərgidə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin 18-dən çox istedadlı şagirdlərinin 60-a yaxın maraqlı, orijinal əl işləri təqdim olunub.

Tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin “Səbinə” rəqs kollektivi (bədii rəhbər Səbinə İsmayılova) və xalq çalğı alətləri şöbəsinin müəllimləri Elnur Məmmədov  və Nəbi Quliyevin şux, rəngarəng konsert proqramı səslənib.

Şagirdlər: Aryaman Nəcəfi, Elton Babayev, Marineke Martsinkeviçin gözəl, koloritli nömrələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

Tədbirin aparıcısı məktəbin müəllimi, musiqişünas Leyla Həsənova idi.

Şaxta babanın hədiyyələrlə sərgiyə təşrif buyurması, uşaqların sevincini daha da yüksəltdi.

Tədbirin sonunda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru,  Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli və qonaq qismində iştirak etmiş R.Behbudov adına 2N-li musiqi məktəbinin direktoru Səadət Eminova şagirdlərə diplomlar və hədiyyələr təqdim ediblər və yüksək səviyyədə təşkil olunmuş tədbirə görə tədbir təşkilatçısına və iştirakçılara təşəkkürlərini bildiriblər.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ