Fevralın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Xocalı -30. Bitməyən kədər” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin müharibə dövründə xalqa müraciətindən bir hissə səsləndi.
Tədbirin təşkilatçısı və aparıcısı nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Pərvin Səfərli Xocalı faciəsi, xalqımıza qarşı aparılan soyqırım siyasəti haqqında, Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının tanınması yolunda atdığı addımlar haqqında, səsimizin beynəlxalq aləmdə duyulması, bu yolda atılan addımlar, kampaniyalar haqqında tədbir iştirakçılarına məlumat verdi.
“Xocalıya ədalət” kompanyasının dəstəyi ilə ərsəyə gələn və dünyanın bir çox ölkələrində nümayiş olunan “Sonsuz dəhliz” filmi və jurnalist Riçardas Lapaidisin misilsiz fəaliyyəti, çəkilməkdə olan növbəti film haqqında süjet gedərək bu haqda ətraflı danışıldı.
Sosial şəbəkələrdə yayılan “Sevinj stories” layihəsi şərh olundu və bu layihədən videoçarx nümayiş olundu.
Eyni zamanda “Holokost” faciəsi də anıldı. Erməni nasizminin xüsusiyyətləri ilə faşizmin bu iki soyqırımda oxşarlığı üzə çıxarıldı.
Fransız bəstəkarı Pierre Thilloyun faciə qurbanlarına həsr etdiyi “Xocalı 613” əsəri səsimizi bir daha dünyaya çatdırdı. Əsər ilk dəfə Azərbaycanda solistlər: Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli (klarnet), Master Specialized Music Performance Soloist (Switzerland), xarici ölkələrdə Vətənimizi təmsil edən Beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli (skripka) və Respublika müsabiqələr laureatı Baxış Binyətov ( balaban) dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin müşayiəti ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ifa edilib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli səhnəyə çıxaraq əsərin ifası ilə bağlı öz təəsüratlarını bölüşdü və Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdi.
Tədbirdə məktəbin müəllim və şagirdləri faciəyə həsr olunmuş nömrələr ilə çıxış etdilər. Çoxlu sayda faciyəyə həsr olunmuş videoslaydlar, video – süjetlər nümayiş olundu.
Tədbirdə Xoreoqrafiya və rəssamlıq şöbəsi tərəfindən Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi təşkil edilmişdi.