• Xəbərlər
  • Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi dahi bəstəkar Qara Qarayevin doğum günü ilə bağlı layihə həyata keçirib
Fevral 4, 2022

Fevral ayında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən dahi bəstəkar Qara Qarayevin doğum günü ilə bağlı layihə həyata keçirildi.

Layihə çərçivəsində Masallı rayonunda konsert, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsert və rəsm sərgisi kimi silsilə tədbirlər keçirildi.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi fevralın 4-də  Masallı şəhərində və fevralın 5-də isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində dahi bəstəkar Qara Qarayevin 104 illiyi münasibətilə “Əbədi musiqi günəşi” adlı konsert proqramı ilə çıxış etdilər.

Konsertdən öncə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinə baş çəkərək, müəssisələrin iş prosesi və kollektivlərə yaradılan şəraitlə tanış olublar. Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində foyedə gənc istedadların Qara Qarayevin yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçiriblər.

Konsertdə musiqi mədəniyyətimizdə əhəmiyyətli və əvəzolunmaz yer tutmuş görkəmli bəstəkar Qara Qarayevin həyat və yaradıcılığı haqqında çıxışlar oldu. Ardınca isə şagird və müəllimlərin ifasında bəstəkarın  əsərlərindən ibarət rəngarəng proqram təqdim olundu.

Konsertdə “Yeddi  gözəl”  baletindən  “Ayşənin   rəqsi “, “İldırımlı  yollarla”  baletindən  “Ehtiraslı  qızın  rəqsi”, “Bir   məhəlləli  iki  nəfər”  filmindən  “Aman-aman” mahnısı, “Şən  əhvalat”, “Alban  rapsodiyası”, “Tsarskoye selo heykəli” fortepiano pyesi, “Vətən”  operasından  Mərdanın  ariyası, “Mən sizi sevirdim” romansı,   və s. kimi nömrələr səslənib.

Onuda qeyd edək ki,  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Əziz Qarayusifli klarnetdə “İnsan məskən salır” filmindən etdiyi ifası tamaşaçılar tərəfindən çox böyük alqışlarla qarşılanıb.

Məktəbdə keçirilən tədbirdən əvvəl  Fəxri xiyabanda dahi bəstəkar Qara Qarayevin xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Tədbirin sonunda Xoreoqrafiya və rəssamlıq şöbəsinin müəllimləri Əli Ağadadaşov və Nigar Şixəliyeva tərəfindən məktəbin rəsm sərgisi də təqdim edilib.

Masallı  rayonunda keçirilən konsertin təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi, musiqişünas Nərgiz Kərimova və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirilən konsertin isə  təşkilatçısı və aparıcısı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət Nurullayeva idi.

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi.

MƏKTƏB HAQQINDA

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX 1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır....

Ətraflı...

ƏLAQƏ